Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə BMT-nin baş katibi arasında görüş baş tutdu.
Published 23 November 2022
Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 9-cu Qlobal Forumuna Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfdaşlıq edir. “Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” başlığı ilə keçirilən forumda Mərkəzin bir çox üzvləri ilə yanaşı dünyanın nüfüzlu dövlət xadimləri, eləcə də, BMT-nin baş katibi Antonio Quterreş, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Forum çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş və Mərkəzin üzvləri arasında görüş baş tutub. Görüşdə, həmçinin BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, Mərkəzin həmsədri xanım Vayra Vike-Frayberqa, üzvləri Boris Tadiç, Valdis Zatlers, Giorgi Marqvelaşvili, Petar Stoyanov, Mladen İvaniç, Amr Musa, Tzipi Livni, Volkan Bozkır, Eka Tkeşelaşvili, Mariya Fernanda Espinosa, Abduləziz Əl-Tuveycri, Yan Fişer iştirak ediblər.
Qeyd edək ki, görüş zamanı tərəflər bütün dünyanın diqqət mərkəzində olan Ukrayna-Rusiya müharibəsi haqqında fikir mübadiləsi aparıblar. Belə ki, görüşdə iştirak edən şəxslər müharibənin gedişatında BMT-nin oynadığı rolu əhəmiyyətini vurğulayıblar.
O cümlədən, Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Nizaminin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Antonio Quterreşə təqdim edildi.