Moldovanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvlərini qəbul edib

Moldova Respublikasının baş naziri Natalia Qavrilita Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərini qəbul edib.

Görüşdə Mərkəzin üzvləri Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumdziya, Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili, Rumıniyanın sabiq baş naziri Petre Roman və Mərkəzin baş katibi Rövşən Muradov iştirak edib.
Daha sonra nümayəndə heyətinin üzvləri Moldovanın baş nazirinə VIII Qlobal Bakı Forumu barədə məlumat veriblər. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi, elmi platformaya çevrildiyi vurğulanıb və IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı müəyyən məsələlər - dəvət olunan qonaqlar, mövzular, həmçinin yeni layihələr, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə atılacaq konkret addımlar müzakirə edilib.

Baş Nazir Natalia Qavrilita 2022-ci ildə keçiriləcək IX Qlobal Bakı Forumuna dəvət olunub.

Görüş zamanı Ukrayna müharibəsinin nəticəsi olaraq yaranmış qaçqın böhranı, və bunun yaratdığı sosial-iqtisadi krizis, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rol müzakirə olunmuşdur.

Baş nazir Natalia Qavrilitaya mərkəzin həmsədri xanım Vayra Vike-Freiberganın müəllifi olduqu Nizami Gəncəvinin Yeddi Gözəli və ədabiyyatdan digər esselər kitabını və Qələmin Sehri Nizami Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər kitabı təqdim olunmuşdur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Kişinyova səfəri çərçivəsində Moldova Respublikasının Xarici İşlər naziri Niku Popesku və Əmək və Sosial Müdafiə naziri Marsel Spatari ilə də görüşlər keçirilib.