Bolqarıstanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi ilə görüşüb

Bolqarıstan Respublikasının Baş naziri cənab Kiril Petkov Bakıya səfəri zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və baş katib müavini İlahə İbrahimli ilə görüş keçirib.

Görüş zamanı Baş nazirə Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə16-18 iyun tarixlərində “Qlobal Dünya Nizamına Təhdidlər” mövzusunda keçirilmiş IX Qlobal Bakı Forumunun nəticələri müzakirə edilib, Mərkəzin regional və qlobal miqyasda reallaşdırdığı tədbirlər, həmçinin, Qərbi Balkanlarda, Orta Şərqdə, Çində və BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən layihələr haqda məlumat verilib.

Gələcəkdə Bolqarıstanda Azərbaycanın Qərbi Avropanın enerji təhlükəsizliyinə töhfəsi mövzusunda Ali Səviyyəli toplantının və digər müştərək layihələrin keçirilməsi nəzərdə tutulub.

Görüşün sonunda Baş nazirə Mərkəzin həmsədrləri olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin ""Yeddi gözəl"i və ədəbiyyatda digər esselər”, Dünya Bankının sabiq Vitse-Prezidenti olan cənab İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” və Mərkəzin üzvü olan Qordon Braunun “Dünyanı dəyişməyin yeddi yolu” kitabları, eləcə də Azərbaycanın milli motivlərini əks etdirən ipək xalça təqdim olunub.

Qeyd edək ki, Afinada keçirilən 23-cü Ali Səviyyəli toplantı zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Qələmin Sehri” kitabının xüsusi nəşri təqdim edilmişdi.